Türkmənistanda kişi müəllimlər gecə növbəsinə cəlb olunur, təhsil ocaqlarında istilik sisteminə nəzarət edirlər. AzadlıqRadiosunun türkmən xidməti müəllimlərin məcburi əməyin tətbiqindən şikayətçi olduqlarını xəbər verir.
Türkmənabad şəhərində xarici dillər üzrə ixtisaslaşmış 2 saylı orta məktəbinin müəllimi deyir ki, oktyabrda başlayan gecə növbələri hələ də davam edir, insanlar bundan çox yorulub.
"Təmirə kömək edirlər"
"Bizə deyirlər ki, gecə növbələri istilik mövsümü bitənə qədər davam edəcək. Kişi müəllimlərin sayı azdır deyə, hər birimiz ayda bir neçə dəfə növbə ilə işləməli oluruq. Bəzən həftədə iki dəfə məktəbdə gecə növbəsinə qalmalı oluruq", – "Azatlık"ın müsahiblərdən biri bildirib.
Müəllimin dediyinə görə, gecə növbələri rəsmən "məktəbi istiliklə təmin edən istilik qazanxanalarına nəzarət" ilə izah edilir. Məsələ ondadır ki, istilik qazanxanalarına məktəb mühafizəçiləri, texniki işçilər nəzarət etməlidirlər. Yəni, müəllimlərin bu işə cəlbi birbaşa onların peşə vəzifələri ilə əlaqəli deyil.
Türkmənistanda istilik mövsümü oktyabrın əvvəlindən martın sonunadək davam edir.
Çərco rayonundan anonimlik şərti ilə bir müəllim deyib ki, "növbətçi müəllimlər sinif otaqlarına görə məsuliyyət daşıyır, məktəbin istilik qazanxanalarında fövqəladə hal yaranarsa, oranın işçisi ilə birlikdə təmirə kömək etməli, yanğınsöndürmə idarəsinə, kommunal xidmətlərə və oxşar qurumlara məlumat verməlidirlər".
Ayda 300 manatın varsa...
Amma Çərco rayonundakı 22 saylı orta məktəbin müəllimi, həmişəki kimi, bu növbədən pulla qurtulmağın mümkün olduğunu deyir.
"Onlar direktorla açıq danışırlar. Onlara ayda 300 manat (85 dollar) versəniz, sizi növbəyə qoymayacaqlar. Pul verməyənlər isə gecəni iş yerində qalmalı olurlar", – müəllim gileylənir. O bu cür "sövdələşmələr"in, demək olar, açıq aparıldığını deyir.
Müəllimlər son həftələr durumun daha da pisləşdiyini bildirirlər. Mənbələrə görə, hakim orqanlar müəllimlərin müstəqil media ilə əlaqə saxlamasından xəbər tutub, onlara nəzarəti gücləndirir.
Türkmənabad, Kerki şəhərlərində, Çərco rayonunda məktəblərdə çalışan bir neçə müəllim bu məlumatı təsdiqləyib: "Məktəblərdə monitorinq gücləndirilir, tələblər sərtləşdirilir".
Kerki şəhər 2 saylı ixtisaslaşdırılmış orta məktəbin müəlliminin dediyinə görə, müəllimlərin gecə növbəsində məktəbi tərk etməsi qəti qadağandır: "Nəzarət indi daha sərtdir. Gecələr məktəbdən çıxıb evə getmək qəti qadağandır. Onlar qəti şəkildə xəbərdarlıq edirlər ki, "istənilən vaxt əyalət administrasiyasından zəng ala bilərsiniz". Zəng gələndə əsgərlər kimi məktəbin adını, vəzifənizi və soyadınızı deyərək cavab verməlisiniz".
"Əmək Məcəlləsi kağız üzərində qalır"
AzadlıqRadiosuna danışan müəllimlər bu durumun onların ləyaqətini alçaltdığını deyirlər.
"Onlar bizə gözətçi kimi yanaşırlar. Əmək Məcəlləsi kağız üzərində qalır. Müəllimlərin hüquqları tapdalanır", – Lebapdan müəllim deyir.
Türkmənistan Əmək Məcəlləsinə görə, gecə növbəsi üçün əlavə kompensasiya ödənilməlidir, işçi əmək müqaviləsində göstərilməyən hər hansı digər işi görməyə məcbur edilə bilməz.
Amma Türkmənistanda işçilər işəgötürənlərin qarşısında qanuni tələblər qoymaqdan, rəhbərlərini narazı salacaq suallar verməkdən çəkinirlər. Axı, qanunlar praktikada tətbiq olunmur.
Türkmənistanda müstəqil nəşrlər qapadılıb. AzadlıqRadiosu təhsil rəsmilərindən məktəblərdə davam edən məcburi əməklə bağlı şərh ala bilməyib.