Keçid linkləri

2025, 22 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:50

Azərbaycan Ermənistana yanacaq göndərir, amma hələlik Gürcüstanla tarif razılaşdırılmayıb


Yerevanla Bakı neft alqı-satqısını müzakirə edir
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Yerevanla Bakı neft alqı-satqısını müzakirə edir (ARXİV)

Dekabrın 18-də Azərbaycandan dəmir yolu ilə Ermənistana AI-95 markalı benzinlə dolu 22 tankerin yola salındığı bildirilir. Bu, son onilliklərin ilk yanacaq ixracıdır.

"Euronews" bunun iki ölkə arasında əlaqələrin normallaşmasına doğru real dönüş olduğunu yazır.

"AnewZ" SOCAR istehsalı olan benzinin Gürcüstan ərazisindən Ermənistana göndərildiyini qeyd edir.

Yanacaq ixracı barədə razılaşma noyabrın 28-də Qəbələdə əldə olunub. Həmin gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı ilə Mher Qriqoryanla görüşmüşdü.

Hazırda Ermənistan yanacağının 60 faizindən çoxunu Rusiyadan idxal edir, qalanı isə İran, Rumıniya, Malta və Türkiyədən gəlir.

Dekabrın 8-də yayılan məlumata görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycandan Ermənistana Gürcüstan ərazisindən ilk yanacaq tranziti üçün ödəniş almamağı tapşırıb.

Gürcüstanla tarif mübahisəsi

Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan AzadlıqRadiosunun erməni xidmətinə Azərbaycandan çıxan 22 vaqon benzinin yaxın günlərdə Ermənistana çatacağını deyib.

Nazir Azərbaycan benzininin rəqabətədavamlı olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Əgər biznes gəlir gətirməyə davam edərsə, qiymətlər düşərsə, deməli, rəqabətlidir. Qiymətlər düşməzsə, onda biznes gəlir gətirməyə bilər".

Q.Papoyan Azərbaycan neftini Ermənistana hansı şirkət, yaxud şirkətlərin idxal etdiyini açıqlamayıb.

Bunla belə, Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Gürcüstanın dəmiryol tarifi ilə bağlı müəyyən məsələlər var, onların həll olunacağına ümid edirlər: "Əgər tənzimlənməsə, məntiqi olaraq, iqtisadi operatorlar idxal və ixrac üçün alternativ yollar axtaracaqlar".

Buğda daşıyan qatar Azərbaycan ərazisindən keçərək Ermənistana çatıb.
Buğda daşıyan qatar Azərbaycan ərazisindən keçərək Ermənistana çatıb.
6 noyabr

On illər sonra Azərbaycan vasitəsilə Ermənistana ilk yük çatdırılıb

Onilliklər ərzində ilk dəfə Ermənistan Azərbaycan ərazisindən keçən yükü qəbul edib.

Baş nazir Nikol Paşinyanın ofisinin bildirdiyinə görə, min tondan çox Rusiya buğdasını daşıyan qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək noyabrın 5-də axşam saatlarında Ermənistanın şimalında stansiyaya çatıb.

Oktyabrın sonunda Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya və Azərbaycanın tranzit məsələsini müzakirə etdiyini, Bakının Rusiya mallarını öz ərazisindən keçirməyə hazır olduğunu təsdiqləyib.

Yaxın günlərdə Qazaxıstanın da Azərbaycan ərazisindən keçməklə Ermənistana buğda tədarükü göndərəcəyi gözlənilir.

22 oktyabr

Paşinyan Azərbaycanın Ermənistana yükləri buraxmaq qərarını alqışlayır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistana malların tranzitinə məhdudiyyətləri qaldırmasını mühüm addım sayır.

"Bu çox vacib bəyanatdır və Azərbaycan prezidentinin bu addımını qiymətləndirmək və bu bəyanatı alqışlamaq istəyirəm. Bir neçə ay öncə inanılmaz görünən hadisə baş verir: Qazaxıstandan taxıl Azərbaycandan və Gürcüstandan keçməklə Ermənistana idxal olur", – Paşinyan oktyabrın 22-də Tbilisidə V "İpək Yolu" konfransında deyib.

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfəri zamanı bildirib ki, ilk tranzit yükü olan Qazaxıstan buğdası Ermənistana çatdırılacaq.

N.Paşinyan vurğulayıb ki, siyasi baxımdan onlar Naxçıvandan Azərbaycanın əsas hissəsinə və əks istiqamətdə Ermənistandan keçməklə tranziti təmin etməyə hazırdır, amma texniki səbəblərdən bu, mümkün deyil, çünki infrastruktur yoxdur.

"[Amma] bugündən Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və əksinə yük maşınlarının tranzitini təmin etməyə hazırıq", – Paşinyan əlavə edib.

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
21 oktyabr

Əliyev: Azərbaycan Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətləri götürüb

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 21-də prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib: "...Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

O əlavə edib ki, Azərbaycan ərazisində bütün avtomobil və dəmiryol əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq: "Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər". (Ermənistan baş naziri Nikol Paşinyan "Zəngəzur dəhlizi" ifadəsini qəbul etmir və mövcud razılaşmada həmin adda dəhlizin yaradılmasının olmadığını vurğulayır-AR)

Prezident Əliyev oktyabrın 20-də dövlət səfəri ilə Qazaxıstana gedib.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Sənəddə habelə mübahisəli məsələlərin müzakirələrlə həlli vacib sayılır.

XS
SM
MD
LG